/ / "Gəncə Daşların Yaddaşı" layihəsi çərçivəsində Qədim Gəncə Qalasının tarixinə səyahət edilib...

"Gəncə Daşların Yaddaşı" layihəsi çərçivəsində Qədim Gəncə Qalasının tarixinə səyahət edilib...

959 Baxış

Gəncə TV-nin “Gəncə Daşların Yaddaşı” adlı layihəsi mərhələli şəkildə Gəncənin tarixini yaşadan abidələrlə bağlı videomaterialları izləyicilərinə təqdim edir. Bu dəfə Gəncə TV qədim Gəncə qala divarlarının tarixinə səyahət edib, onun öyrənilməsi, memarlıq quruluşu haqqında ətraflı məlumat verib:

Əski dövrlərdə inşa edilən və əsasən böyük şəhərlərə xas olan qalalar, uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqələr hesab edilirdi.

Tarixin müxtəlif mərhələlərində 5 dəfə yerini dəyişən, təbii fəlakətlərlə bərabər yadellilərin hücumları ilə üzləşən Gəncə şəhərində də qalaların tikintisi daim zəruri hal alıb.

Qədim Gəncənin xarabalıqlarında, hazırki Gəncənin 6–7 km şimal-şərqində yerləşən qala qalıntıları isə şəhərin 10-12 əsrlərdəki əzəmətini göz önünə sərir.

Qədim Gəncə qalasının xarabalıqları arxeoloq İsaq Cəfərzadə tərəfindən aşkara çıxarılıb. O, ilk elmi axtarışlarına məhz doğulduğu Gəncə şəhərində başlayıb. Arxeoloqun elmi fəaliyyəti nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdı.

Gün işığına çıxarılan mühüm obyektlərdən biri də məhz Gəncənin qədim qala divarlarının qalıntıları olub.

1938-1940-cı illərdə İshaq Cəfərzadə “Qədim Gəncənin tarixi-qazıntıları” oçerkində şəhərin arxeoloji qazıntılarının nəticələrini qeyd edərkən vurğulayıb ki, məhz 1938-40-cı illərin arxeoloji qazıntıları nəticəsində Qədim Gəncə qala divarlarının öyrənilməsi, onun memarlıq quruluşu haqqında danışmağa imkan verdi.

Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları, Qala daxilində yerləşən karvansara,hamam, türbələr, məscid ,bazar meydanı, qədim Gəncə körpüsü və başqa bir çoxmaddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları bişmiş qırmızı kərpicdən və çay daşından inşa edilib.Daş və kərpic hörgülərdə kirəcdən geniş istifadə olunub.

Aparılan qazıntılar nəticəsində şəhərin üç dairə qala divarı olduğu müəyyənləşdirilib.

Birinci dairə möhrə və iri çiy kərpiclə, ikinci dairə divar kirəc məhlulunda çaydaşı ilə hörülüb.Üçüncü dairədə isə hələlik qazıntı aparılmayıb.Gəncənin qala divarları çayın sahil bəndləri və iki sahili birləşdirən körpülərlə uzlaşdırılaraq inşa olunub.

Qazıntılar zamanı buradakı qala divarlarında həm dördkünc, həm də yarımdairəvi bürclər aşkara çıxarılıb.

Bəhs edilən dövrdə Gəncə qalasının beş darvazası olub: Babül-əl Məqbərə, Babül-əl Bərdə, Babül-əl Qarabağ, Babül-əl Gülüstan, Babül-əl Tiflis.

Məhz bu qalanın sayəsində monqollar Azərbaycana birinci hücumları zamanı Gəncəni ala bilməyiblər.

Qala daxilində yerləşən kəhriz qalıqları və arxların divar hörgülərinin qalıntıları hələ də qalmaqdadı.

Qalanın əsasının kim tərəfindən qoyulması ilə bağlı müxtəlif fikirlər var.

İ. Cəfərzadə Mousey Kalankatlının məlumatını şərh edərkən yazır: “Gəncə qalasının əsasının qoyulmasını IX əsrdən əvvəlki dövrlərə aid edən mənbələrin məlumatlarını nəzərə alsaq, ehtimal etmək olar ki, Xozepatkos əvvəlcə hücum zamanı Gəncə qalasını dağıtmış və daha sonra bərpa etmişdir.

Bu məlumata əsaslanaraq qalanın tarixinin IX əsrdən daha öncəyə söykəndiyini ehtimal etmək olar.

Qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək şərqin böyük ticarət mərkəzinə çevrilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz