/ / Çökək Hamam - Gəncə Daşların Yaddaşı

Çökək Hamam - Gəncə Daşların Yaddaşı

1 476 Baxış

Gəncə TV-nin “Gəncə Daşların Yaddaşı” adlı layihəsinə 1606-cı ildə, memar Şeyx Bahəddin Amilinin layihəsi əsasında inşa edilən Gəncənin şah əsərlərindən olan “Çökək hamam”dan hazırlanan videomaterialla başlayıb.

Şah Abbasın əmri ilə tikildiyi üçün, Cümə Məscidinin yaxınlığında yerləşən bu hamama el arasında Şah Abbas hamamı da deyirlər.

Qırmızı kərpicdən inşa edilən “Çökək hamam”ın üstündə 2 böyük və 1 kiçik kümbəzi var. Bir giriş qapısı olan hamamın arxa tərəfdən tunelə oxşar yolu mövcuddur. Hamamın içərisi isti yay günlərində sərin, soyuq qış günlərində isə isti olur. “Çökək hamam” bayır və içəri hissələr olmaqla 2 hissədən ibarətdir. Bayır hissədən soyunmaq və geyinmək, içəridən isə yuyunmaq üçün də istifadə edilir.

Adı bir çox mənbələrdə “Məscid hamamı” olaraq da keçən “Çökək hamam”a sonralar oranı işlədən şəxsin adı ilə “Hacı Ələkbər hamamı” da deyirdilər.

Hamam qoşa minarələrin tuşuna kimi birmərtəbəli hücrələrlə dövrələnirdi.

Keçmişdə “Çökək hamam”dan informasiya mənbəyi kimi də istifadə edilirdi. Keçmişdə yerli camaat toplaşıb ən yeni məlumatları hamamlarda eşidərdilər. Çünki hamamlara insanlar toplu halında gəlirdilər və hər ağızdan bir söz çıxardı.

Şah Abbas meydanına daxil olan hamamların hər biri tağlı günbəzlərlə örtülüb, dördkünc şəkildə dəhliz, soyunma və yuyulma otaqlarından ibarət idi. Yuyunma məntəqələrinin xəzinəsinə su Şatır arxı və Hacı Bağır kəhrizləri üstündə qurulan sebillərdən – supaylayıcıdan götürülürdü. İstixanalarda qızdırılan su saxsı borularla hamamların sabun otağındakı hovuzlara verilirdi. Burda isti və soyuq su ayrıca kiçik hovuzlara yığılaraq istifadə olunurdu. Yuyunma otaqlarında adam boyu uzunluğunda səkilər tikilirdi ki ,bunların üstündə candanlar kisə çəkərdilər. Hamamın keçmişdə şamla isidilməsi də iddia edilir.

Qeyd edək ki, Gəncə TV-nin “Gəncə Daşların Yaddaşı” adlı layihəsi mərhələli şəkildə Gəncənin tarixini yaşadan abidələrlə bağlı videomaterialları izləyicilərinə təqdim edəcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz