/ / Gəncə Tarixi Şəxsiyyətlər - Cavad xan

Gəncə Tarixi Şəxsiyyətlər - Cavad xan

5 669 Baxış



Gəncə xanlığının sonuncu hökmdarı , böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, Rus işğalçı qoşunlarına qarşı qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olan Gəncənin qeyrət rəmzi – Şahverdi xan oğlu Cavad xan.
Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir böyük sərkərdə. O nəsildən ki,əcdadları, İlk doqquz Qızılbaş tayfasından biri olan Qacarların əsas qollarından biri idi.
Onun haqqında çox yazılıb, çox danışılıb. 1748-ci ildə Gəncə şəhərində doğulan Cavad xanın qəhrəmanlıq salnaməsi bu gün hər bir azərbaycanlının qəlbində yaşayır.
1786-cı ildən Gəncəni idarə edən “Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsiniz” deyən Cavad xan, 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları tərəfindən, hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla, oğlu ilə birlikdə həlak olur.
Xanın 150 ildən sonra təsadüf nəticəsində tapılan məzarının tarixcəsi isə daha çox maraq kəsb edir. Belə ki, Xanlıqlar dönəmində Şah Abbas məscidinin həyəti Qacarlar qəbiristanlığı idi. Ziyadoğlu nəslindən 1696-cı ildə vəfat edən Məmmədqulu xan Məmmədəli bəy oğlunun, 1743-cü ildə ölən Hüseynqulu xan Kəlbəli xan oğlunun , 1804-cü ildə həlak olan Cavad xan Şahverdi xan oğlunun, Hüseynqulu ağa Cavad xan oğlunun və Qacarlar nəslinin başqa adlı sanlı vətənsevərlərinin türbə və qəbirləri hələ 1925-ci ilin iyununda indiki fəvvarələrin yerində qalırdı.
Sonralar 7N-li məktəb, Kənd Təsərrüfatı İnstitutunun yataqxanası, yetimlər evi olan bu qəbiristanlıqdan 1962-ci ilin payızında Cavad xan və Hüseynqulu ağanın nəşinin qalıqları tapılır.
Hələ SSRİ dövründə məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və qazıntılar təcili olaraq dayandırılır. Ərazidən üstü ərəb dilində yazılan baş daşı və məzar aşkarlanır. Yazıların oxunması məzarın şəhid, Gəncə xanı Cavad xana aid olduğunu göstərir. Baş daşında yazılırdı:
"Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.
Elə ki, qara torpaq oldu onların məskəni
İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
Gəncədə bu məqbərəni bina etdi
Mərhum, rəhmətlik Cavad xan
Kərbəla şəhidlərinin torpağından
O astadan çoxlu torpaq gətirib
Həmin türbəni malaladı.
Öz ölüləri üçün əmin-aman bir ev yaratdı.
Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü.
Ondan sonra bu məqbərəda dəfn olundular
O fatehin nəsli və ailəsi."
Xanın məzarı qorunmaq məqsədi ilə səbiskar qəbiristanlığına aparılır və Əsgər Ağa Goraninin türbəsində 30 il gözləməli olur.
Həmin dövrün canlı şahidlərindən olan Hamlet Allahverdiyevin xatirələrindən
1963-cü ildə tələbə idim. Ərazidə rekonstruksiya işləri aparılanda mən də orada idim. Dağıntılar zamanı torpağın altından sümüklər çıxdı. Ağsaqqallar gəlib o yerin Cavad xanın məzarı olduğunu dedilər. Texnikumun döşəməsinin altından Cavad xanın unudulmuş məzarı çıxmışdı. O vaxt Gəncənin “ispalkom”u Ələsgər Əlizadə idi. Qəbirin Cavad xana aid olduğunu bilən kimi məzarın “Səbiskar” qəbiristanlığına köçürülməsinə göstəriş verdi, itib-batmağa qoymadı. Sümükləri ehtiyatla taxta bir qutuya yığıb Şah Abbas məscidinin Ələsgər Cəlalov adlı gözətçisinə verdilər. O da qutunu aparıb “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adıgözəlbəyin nəvəsi Əsgər ağa Goraninin türbəsində saxladı”.
1990-cı ilədək Cavad xanın nəşinin qalıqları Goraninin türbəsində qalır. Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Gəncə əhalisinin ilk tələblərindən biri məhz xanın öz yerində dəfn olunması olur.
O dövrün daha bir canlı şahidi Əlisəftər Səfərəliyevin xatirələrindən.
Martın 22-də Cavad xanın nəşinin qalıqları Goraninin türbəsindən çıxarıldı və özünün məzarında yenidən dəfn olundu. 90-cı ildə hələ Sovet hakimiyyəti tam çökməmişdi, Yanvar qırğını təzə olmuşdu. Ona görə də Cavad xanın qəbrini öz yerində yox, məscidin qərb tərəfində, gözdən uzaq yerdə qazdılar. Amma camaat razı olmadı. 1963-cü ildə xanın sümüklərini tapan adamlardan sağ qalanlar vardı. Onlar tələb etdilər ki, sümükləri haradan götürmüşüksə, orada da dəfn etməliyik. Əhalinin təzyiqiylə Cavad xan üçün yenidən elə öz məzarında yer qazıldı,xan çöx böyük izdihamla canını qurban verdiyi toprağa yenidən tapşırıldı”.
Həmin gün 80 – minə yaxın gəncəli dəfndə iştirak edir. Xanın tabutunu “Səbiskar” qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 km yolu insanlar çiyinlərindən yerə qoymadan piyada gətirirlər. Gəncə doğma, əziz adamını dəfn edirdi. Yaşlı adamlar ağlayırdı. Ancaq bu göz yaşları sevinc göz yaşları idi,çünki,200 ildən sonra haqq-ədalət öz yerini tapmışdı”.
Cavad xanın dəfnindən sonra qəbri hazırlanıb, məzarına mərmərdən başdaşı qoyulur. 2004-cü ildə isə Azərbaycan respublikasının prezidenti İlham Əliyev xanın qəbrinin üstündə məqbərə tikilməsinə dair göstəriş verir.
Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir. Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü gümbəzlə örtülür. Türbənin mərkəzində Cavad xanın məzarı durur. Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz