/ / Gəncə Daşların yaddaşı - Nizami Gəncəvi məqbərəsinin faciəvi tarixi

Gəncə Daşların yaddaşı - Nizami Gəncəvi məqbərəsinin faciəvi tarixi

819 Baxış



Gəncə Daşların yaddaşı - Nizami Gəncəvi məqbərəsinin faciəvi tarixi
Böyük Nizaminin məqbərəsi , Qızıl Arslan tərəfindən Nizamiyə hədiyyə edilən Həmdan- indiki Əhmədli kəndinin ərazisindədir və əbəs yerə deyil ki,bu əraziyə yerli əhali indi də “Şeyx düzü”, “Şıx düzü” deyir.
Şıx düzü”ndə aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazi vaxtilə Gəncə şəhərinin bir növ fəxri xiyabanı olub.Ümumiyyətlə isə,Nizami dövründə burda böyük qəbiristanlıq yerləşib.Qəbiristanlığın daha çox fəxri xiyaban olmasını söyləməyə əsas verən ən ümdə amil,Şeyx Nizaminin məqbərəsinin ətrafında Gəncə şəhərinin başqa hörmətli şəxslərinin də məqbərələrinin olmasıdır.
Böyük Nizaminin vəfatından az sonra, XIII əsrin əvvəllərində onunçün məqbərə ucaldılır.Bu tikili öz təravət və əzəmətini 18XVIII əsrin axırları, XIX əsrin əvvəllərinə qədər qoruyub saxlayır, xalqın daimi ziyarət yeri olur. Nizami irsinin tədqiqatçısı , görkəmli alim,akademik Həmid Araslı məhz ilkin məqbərə haqqında yazırdı:
“Nizaminin vəfatından sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir.XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən ,müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş”
19-cu əsrin əvvəllərində dahi şairin nəinki qəbirüstü abidəsi,həmçinin məzarının faciəvi tarix yolu başlayır. Məhz o dövrdə Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə “Şıx düzü”ndə baş verən məşhur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən bərbad vəziyyətə düşür,ilkin görkəmini nəzərə çarpacaq dərəcədə dəyişir.
XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi qarşısında qalan məqbərənin ciddi təmirə ehtiyyacı olduğunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov-Gorani günbəzi təmir etdirir.Təmirdən sonra isə məqbərə tamamilə baxımsız qalır və uçub dağılır.
1922-ci ildə Gəncə ziyalıları toplaşaraq “Nizami komissiyası” adlanan bir komissiya yaradırlar. Komissiyanın qarşısına məqbərənin təmiri ilə məşğul olmaq tapşırığı qoyulur. Lakin sonradan komissiya tamam başqa mövqe tutur və heç kimlə məsləhətləşmədən Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarına gəlinir.
Bu məqsədlə müsamirələr, tamaşalar təşkil etməklə, əhalidən ianələr toplamaqla xeyli vəsait də yığılır. Nizaminin yenidən dəfn etmək üçün Şah Abbas məscidinin qabağındakı “Avara bağı” deyilən meydanın ortasında qırmızı kərpicdən bir qəbir də hazırlanır.

1923-cü ilin mart ayında məqbərənin içərisində qazıntı işlərinə başlanılır. Uçub içəriyə tökülən daş və torpağı təmizlədikdən sonra aydın olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanan dörd ayaqlı bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin çox böyük ehtiram və hörmətlə dəfn edildiyindən xəbər verirdi.
1930-cu ildə Şeyx Nizaminin qəbri növbəti dəfə açılır və 1932-ci ildə nəhayət qəbrin üzərinə müvəqqəti abidə qoyulur.1939-cu ildə Kiyev ziyalıları ilə görüşündə Stalinin “Xosrov və Şirin” poemasından bir parçanı əzbərdən söyləməsi, onun Nizami yaradıcılığına və şəxsiyyətinə münasibətini təsdiqləyirdi.
1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilir. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənən layihə müsabiqədə birinci yeri tutur və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verilir.
Lakin,naməlum səbəblər üzündən bu iş də təxirə salınır və 1940-cı ildə Vaxutin və Sarkisovun layihələri əsasında məqbərənin tikintisinə başlamaq barədə göstəriş verilir.Böyük Vətən Müharibəsinin başlaması ilə məqbərənin tikintisi dayandırılır və nəhayət 1947-ci ildə məqbərə tikilib başa çatdırılır.
1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin yenidən acınacaqlı duruma düşməsi, o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin-nın I-ci katibi işləyən Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış edir. O vaxtlar Gəncə şəhərinin baş memarı işləyən Fərman İmamquliyev, Qorxmaz Sücəddinovla birgə Nizami məqbərəsinin yeni layihəsini işləyir. Onlar, artıq Gəncənin simvoluna çevrilən köhnə məqbərənin bəzi elementlərini Nizami dövrü memarlığının ənənələri ilə daha da yaxınlaşdıraraq qranit və mərmərdən tikiləcək və hündürlüyü 20,9 m olacaq məqbərənin layihəsini hazırlayırlar. Layihə bəyənilsə də Heydər Əliyevin Moskvaya getməsi ilə yeni məqbərənin tikintisi təxirə salınır. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində, məqbərənin tikintisinə başlamaq qərara alınır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz