/ / Bayrağımız işğaldan azad olunan bütün torpaqlarda dalğalanacaq

Bayrağımız işğaldan azad olunan bütün torpaqlarda dalğalanacaq

797 Baxış



Qürur mənbəyimiz olan və mütəqilliyimizin əsas göstəricilərindən sayılan bayrağımızın üzərindəki mavi, qırmızı və yaşıl rəng təsadüfən orda yer almayıb. Ötən əsrin əvvəllərində Əli bəy Hüseynzadənin “türk qanlı, islam imanlı, Avropa qiyafəli” fikri daha sonra bayrağımızda öz əksini tapıb. Yəni biz türkük, müsəlmanıq, müasirlik yönündəyik. Bu rənglər ayrılıqda heç bir əhəmiyyət kəsb etmir. Ancaq həmin rənglər Azərbaycan bayrağında müqəddəslik qazanır.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qəbul edilən bayrağımız 1920-ci ildə hökumətin bolşeviklərə təhvil verilməsindən sonra, mənəvi əhəmiyyətini saxlasa da, rəsmi gücünü itirdi. Sovet hakimiyyəti illərində Azərbaycan xalqı müqəddəs bayrağına həsrət qaldı, milli atribunu havaya qaldıra bilmədi. Yalnız 70 il sonra Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə olaraq üçrəngli bayrağımız iclas zalına gətirildi və yenidən layiq olduğu mövqeyini qazandı.

Ölkəmizin apardığı şərəfli Vətən müharibəsində bayrağımız əldən-ələ gəzir, bir çox dövlət və yaşayış binalarının, ictimai nəqliyyat vasitələrinin üzərində bayrağımız dalğalanır, müqəddəs atributumuz bütün Azərbaycanı bəzəyir. Ölkəmizin həyata keçirdiyi əks-hücum əməliyyatlarının başladığı gündən etibarən qardaş Türkiyə mənəvi və siyasi dəstəyini əsirgəmir. Eyni zamanda biz haqlı davamızda Pakistanın da yanımızda olduğunu bir daha gördük. Ona görə də bu gün Azərbaycanın istənilən nöqtəsində üçrəngli bayrağımızla yanaşı Türkiyə və Pakistan bayraqları da yer alır.

Bu gün Azərbaycan bayrağı 30 ildən sonra işğaldan azad olunan torpaqlarda dalğalanır. Qəhrəman əsgərlərimiz qondarma Dağlıq Qarabağ respublikasının dırnaqarası bayrağını yerə atıb onun yerinə həmin məkana layiq olan üçrəngli bayrağımızı sancırlar. İndi həmin torpaqlar rahat nəfəs alır. Çünki üzərində həmin torpaqların sahibləri hərəkət edirlər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz