/ / Roman, yoxsa onun əsasında çəkilən bədii filmi bəyənirsiz?

Roman, yoxsa onun əsasında çəkilən bədii filmi bəyənirsiz?

566 Baxış


İnsanlar arasında belə bir fikir hökm sürür ki, hansısa bədii əsəri oxudum, sonra da həmin əsər əsasında çəkilən filmi izlədim. Heç bəyənmədim. Yaxud, kitab çox maraqsızdır. Amma filmi o qədər təsirli ekranlaşdırıblar ki, əsəri yenidən oxumaq istədim. Bu düşüncələr insanlar arasında geniş yayılıb. Bəli, bu gün bədii əsərlər əsasında çəkilən filmlərdən danışırıq. Hansı əsərlərə uğurlu ekran həyatı verilə bilib və ya həmin ekran əsərləri öz ədəbi variantından niyə geri qalıb?
“Dəli kür” romanının Azərbaycan ədəbiyyatındakı yeri artıq çoxdan müəyyənləşib. Amma etiraf etmək lazımdır ki, roman 1969-cu ildə ekranlaşdırılan eyniadlı filmi çox-çox qabaqlayır. Filmdəki bir neçə epizod və müəyyən kadrlar məhz sovet təbliğatının həm tərənnümçüsü olub, həm də bəzi lazımı kadrlar çıxarılıb. Milli ruha söykənən bir romanın motivləri əsasında çəkilən filmin sonundakı bəzi səhnələri yaradıcı heyət çıxarmaq məcburiyyətində qalıb. Bu isə koloritə mənfi təsir göstərib.
Azərbaycan kino tarixinə qızıl hərflərlə düşən “Axırıncı aşırım” filmi kitab variantı olan “Qarlı aşırımı” üstələyir. Kamil Rüstəmbəyovun ekran əsəri olan “Axırıncı aşırım” filmi Fərman Kərimzadənin daha çox sovet ideologiyasını özündə əks etdirən, quru tarixizmin kifayət qədər olduğu “Qarlı aşırım” romanından qat-qat irəlidədir. Filmdəki aktyor oyunu, hətta Arif Məlikovun möhtəşəm bəstəsi filmin romandan daha çox sevilməsinə səbəb olub. “Leyli və Məcnun” poeması uzun illərdir şah əsərlərdən biri kimi öz çəkisini qoruyub saxlayır. Amma rejissor Lətif Səfərovun 1961-ci ildə çəkdiyi, baş rolda SSRİ xalq artisti Nodar Şaşıqoğlunun oynadığı film Azərbaycan kino tarixində o qədər də böyük səs-səda doğura bilmədi. Rus dilində lentə alınan və sonradan Azərbaycan dilinə dublyaj olunan “Leyli və Məcnun” filminin varlığından bu gün də çoxları xəbərdar deyil.
Səməd Vurğunun “Komsomol poeması” “Yeddi oğul istərəm” filmindən geri qalır. Xalq şairinin güclü poetikası poemada əks olunsa da, ideoloji məsələlərin ön plana çəkilməsi, bədiiliyin hadisələrlə uyuşmadığı məqamlar hiss olunur. “Yeddi oğul istərəm” filmindəki bəzi sətiraltı mənalar, aktyor oyunundakı canlılıq onu “Komsomol poeması”ndan da irəli apara bilib.
Ramiz Əzizbəylinin kinoda rejissor kimi ilk işi olan “Bəxt üzüyü” çəkildiyi dövrdə ən çox baxılan film oldu. Pyesi kino dilinə çox yaxşı uyğunlaşdıran Xalq artistinin “Bəxt üzüyü” filmi mərhum Xalq şairi Vaqif Səmədoğlunun “Bəxt üzüyü” pyesindən irəli gedə bildi.
Son illər Azərbaycan ədəbiyyatında ərsəyə gələn ən oxunaqlı romanlardan biri olan “Dolu” və onun motivləri əsasında çəkilən eyniadlı film də uğur qazana bildi. Məmməd Səfa, Fuad Poladov, Rza Rzayev və başqalarının uğurlu aktyor oyunu filmə əlavə rəng qatdı. Lakin Aqil Abbasın “Dolu” romanı Elxan Cəfərovun eyniadlı filmini qabaqlayır. Romandakı bütün proseslər, faciələrin hamısı Aqil Abbasın gözünün önündə baş verdiyi üçün onun əsərdə əks olunması da təbii alınıb. Filmdə isə azacıq da olsa pafosa meyllilik var.
Beləliklə, bəzən əsərlər, bəzən isə filmlər bəyənilmir. Bu proses hər zaman olub, olacaq da.
#delikur #film #cinema #dəlikufilmindənçıxarılankadrlar #azərbaycanfilmləri #yeni filmlər
#yeni azərbaycan filmləri

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz