/ / Naqif Həmzəyev: “Hər zamankı kimi ilk dəstək Türkiyədən gəldi”

Naqif Həmzəyev: “Hər zamankı kimi ilk dəstək Türkiyədən gəldi”

673 Baxış


İşğalçı Ermənistan hökumətinin məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq, eyni zamanda bu kimi təxribatlarla ağır daxili sosial-iqtisadi vəziyyətdən yayınmaqdır. Lakin onlar istədiklərinə nail ola bilmədilər. Güclü Azərbaycan ordusu təcavüzkar dövlətin təxribatının qarşısını aldı, layiqli cavabla onları yerlərində oturtdu.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı Türkiyənin tanınmış jurnalist-bloqeri Aysu Mola ilə müsahibəsində bildirib.
Aysu Molanın Azərbaycan-Ermənistan sərhədindəki münaqişə, bölgədəki son vəziyyət, qardaş Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı suallarını ətraflı cavablandıran millət vəkili qeyd edib ki, “Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqaməti Dağlıq Qarabağ və işğal olunmuş ərazilərimizdən xeyli uzaq məsafədə yerləşir. Və bu istiqamətdə hərbi təxribat ilk hadisə deyil. Son bir neçə ay ərzində erməni tərəfin törətdiyi hərbi təxribatlar nəticəsində burada Azərbaycan hərbçiləri, eyni zamanda dinc kənd sakinləri, mülki şəxslər həlak olurlar. Dinc sakinlərin başına gələn faciələr Ermənistan hökumətinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmalarının daha bir təsdiqidir. Baş verən hadisəyə görə bütün məsuliyyət mülki əhalinin müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdən erməni hakimiyyətinin, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin üzərindədir”.
Türkiyə dövlətinin dəstəyinə xüsusi ilə toxunan millət vəkili vurğulayıb ki, Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə hərzamankı kimi qardaş Türkiyə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri, Müdafiə naziri və digər ictimai-siyasi xadimlər ölkəmizə dəstəklərini ifadə etdilər. Türkiyəyə məxsus Pilotsuz Uçuş Aparatlarının Türkiyə-Ermənistan sərhədində uçuşlar həyata keçirməsi qardaş Türkiyənin Azərbaycanın yanında olduğunun təsdiqi olmaqla yanaşı, düşmənlərə də bir mesaj oldu.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz